"Multikulturalizm və teatr” mövzusunda keçirilən IV Bakı Beynəlxalq Teatr Konfransının rəsmi açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyevin tədbir iştirakçılarına müraciəti oxunub. Azərbaycan prezidenti İlham Əliyev müraciətində bildirib ki, Azərbaycan teatrının ləyaqətli tarixi var: XIX əsrin ikinci yarısından başlayaraq Azərbaycanda cərəyan edən ictimai-siyasi hadisələrin ölkədə maarifçilik hərəkatının inkişafına ciddi təkan verdiyini qeyd edən Azərbaycan prezidenti qeyd edib ki, bu, ədəbiyyat, mədəniyyət, incəsənət sahələrində forma və məzmun dəyişiklikləri yaradıb: "Peşəkar Azərbaycan teatrı məhz belə bir dövrün güclü mədəni şəraitində yaranıb. 144 yaşlı peşəkar teatr mədəniyyətinin vətəni olan Azərbaycan teatrı 2009-2019-cu illərdə adlı Dövlət Proqramı çərçivəsində artıq 4-cü dəfədir ki, beynəlxalq teatr konfransı keçirilir. Sevindirici haldır ki, builki konfrans respublikamızda elan olunmuş multikulturalizm ili tədbirləri sırasındadır. Təqdirə layiqdir ki, dünyanın ən ünlü teatr biliciləri və peşəkar aktyorlarının teatr və multikulturalizm mövzusuna həsr olunmuş 4-cü Bakı konfransında bir araya gəlməsinin əsas məqsədi teatrın bu günü və gələcəyinin inkişafının istiqamətlərini müəyyənləşdirməkdən,
dünya insanının multikulturalizm və tolerantlıq mühitində yaşaması naminə səylərini birləşdirməkdən ibarətdir. Bu çox nəcib və xeyirxah bir əməldir. İnsanlığın dərk edilmiş xoşbəxtliyinə tuşlanmış fəaliyyətdir. Ümid edirəm ki, dünyanın 40-a yaxın ölkəsindən teatr mütəxəssisinin qatıldığı bu konfrans iştirakçıların hər biri üçün maraqlı və faydalı olacaq,
dünya teatr prosesinin inkişafına öz dəyərli töhfəsini verəcək. Konfransa toplaşan dünyaca məşhur rejissorlar, aktyorlar, prodüserlər, rəssamlar, jurnalist-pedaqoqlar, teatrşünaslar maraqlı fikir mübadiləsi aparacaq, ölkələr arasında mədəni dostluq tellərini daha da möhkəmləndirəcəklər. Sizi bir daha qədim mədəniyyət məkanı Azərbaycanda salamlayır, hər birinizin fəaliyyətinə və konfransın işinə uğurlar diləyirəm”. //APA